Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan Qarabağ ermənilərinin yeni biometrik pasportlarında doğum yeri olaraq Azərbaycanın qeyd edilməsi ilə bağlı səs-küylü məsələyə münasibət bildirib.
Kanal1.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, nazir bu barədə brifinq zamanı danışıb.
O qeyd edib ki, beynəlxalq standartlara əsasən, həmin pasportlarda Qarabağ ermənilərinin alışdığı toponimlər yer ala bilməz.
Bildirilir ki, Ermənistan vətəndaşlığı almış Qarabağdan olan şəxslərin yeni biometrik sənədlərində "doğum yeri" qrafasında "Azərbaycan" yazılıb. Qarabağ erməniləri bu qərarla razılaşmır və beynəlxalq instansiyalara müraciət etməyi planlaşdırırlar.
Daxili İşlər Nazirliyinin (DİN) qərarına qarşı çıxanların bir çoxu hesab edir ki, Qarabağ ermənilərinin pasportlarında Xankəndi, Xocavənd, Hadrut və digər yaşayış məntəqələrini qeyd etmək olardı.
Nazir Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli sənədinə və ölkə kodlarını, eləcə də onların inzibati-ərazi vahidlərini tənzimləyən ISO 3166 standartına istinad edib. Onun sözlərinə görə, pasportların doldurulması qaydaları müəyyən edilərkən həm doğulduğu ölkəni, həm də yaşayış məntəqəsini göstərmək olar. Eyni zamanda, böyük bir toponimlər siyahısının təsdiq edildiyi ISO 3166 standartları mövcuddur.
"Biz ICAO nümayəndələri ilə aparılan məsləhətləşmələri nəzərə alaraq, doğum yeri kimi ölkə variantını seçdik. Niyə yaşayış məntəqələri yox? Çünki bu toponimlərin ümumi qəbul edilmiş adları baxımından sərhədi keçərkən problemlər yarana bilərdi. Əgər biz pasportlarda ölkəni deyil, yaşayış məntəqəsini qeyd etmək qərarına gəlsəydik, o zaman ISO standartlarına görə Qarabağdan olan ermənilərin qeyd etdiyi adları tapa bilməzdik (nazir Qarabağdakı yaşayış məntəqələrinin Azərbaycan adları ilə qeyd olunmasını nəzərdə tutur)", - deyə o bildirib.
DİN rəhbəri əlavə edib ki, pasportlarda doğum yeri vətəndaşların istəyinə əsasən yazılmır, çünki miqrasiya qurumları konkret beynəlxalq standartları rəhbər tuturlar.